Həftənin TƏYİNATI - Həftə-reytinq  

10:38 06.02.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri təyin edilib.  Bu təyinata qədər Vüqar Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib. Ondan öncə isə sözügedən nazirlikdə baş məsləhətçi, şöbə müdiri vəzifələrini icra edib.  Müxtəlif illərdə özəl təşkilatlarda çalışan V. Süleymanov 2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyət göstərib.  Qeyd edək ki, bundan öncə Agentliyin icraçı direktoru vəzifəsini Qəzənfər Əhmədov icra edirdi.

 

Həftənin ŞƏRƏFLİSİ

Azərbaycan Prezidenti İlham Əliyev Arif Rəhimzadə ilə bağlı sərəncam imzalayıb.  Sənədə əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Qafar oğlu Rəhimzadə “Şərəf” ordeni ilə təltif edilib.  Qeyd edək ki, bir neçə gün əvvəl A. Rəhimzadənin 80 yaşı tamam olub.

 

Həftənin MƏHKUMU

Dövlət Təhlükəsizlik Xidməti sabiq nazir Səlim Müslümovun həbsi ilə bağlı məlumat yaydı. Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Həftənin İDMANÇISI

Onilliyin ən yaxşı voleybolçularının siyahısı açıqlanıb. 2010-20-ci illərin “100-lük”ündə Azərbaycan voleybolu da təmsil olunub. Siyahıdakı yeganə voleybolçumuz Polina Rəhimovadır. Zəngin karyerası ərzində bir sıra klublarda çıxış etmiş hücumçu komanda uğurları ilə yanaşı, fərdi rekordları ilə də dünyanın diqqət mərkəzində olub. Bütün bunlar onun 100 ən yaxşı sırasına düşməsində rol oynayıb.

 

Həftənin QƏRARI

ABŞ Nümayəndələr Palatasında qıcıqlandırıcı çıxış etməkdə və demokratlara qarşı şiddəti dəstəkləməkdə ittiham olunan respublikaçı konqresmen Marcori Teylor Grinin iki komitədəki vəzifələrindən məhrum edilməsi üçün səsvermə keçirilib. Qrinin büdcə komitəsindəki, eləcə də təhsil və əmək məsələləri komitəsindəki vəzifələrindən kənarlaşdırılması üçün 11 respublikaçı da daxil olmaqla, Nümayəndələr Palatasının 230 üzvü səs verib. O, Nümayəndələr Palatasında ABŞ-ın yeni prezidenti Co Baydenin öz vəzifəsinə başladığı ilk gündə onun impiçmenti ilə bağlı maddə təqdim edib.

 

Həftənin KÖNÜLLÜSÜ

Xalq artisti Röya Ayxan peyvənd olunub. Müğənni bu barədə instaqram səhifəsində məlumat verib. O, prosesdən video yayaraq könüllü peyvənd olunduğunu açıqlayıb: “Bu gün könüllü olaraq peyvənd vurdurdum. Düzü, belə gözləmirdim. Heç bir əlavə təsiri olmadı, özümü çox yaxşı hiss edirəm. Bir də 21 gün sonra ikinci doza vurulacaq. Bu virus bəlasından xilas olmaq üçün vaksin vurdurmağı məsləhət görürəm. Qorxmayın, hər şey yaxşı olacaq. Allah köməyimiz olsun”. Qeyd edək ki, R. Ayxan ilk peyvənd olunan mədəniyyət nümayəndəsidir.

 

Həftənin TƏHDİDİ

ABŞ Rusiyanı öz əməllərinə görə“cavab verməyə” məcbur edəcək. Bu barədə ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentində xarici siyasət üzrə proqram nitqi ilə çıxış edərkən bildirib. “Mən sələfimdən fərqli olaraq, Prezident Putinə aydın şəkildə bildirdim ki, Rusiyanın təcavüzkar hərəkətləri – seçkilərimizə müdaxilə, kiberhücumlar, öz vətəndaşlarının zəhərlənməsi – qarşısında ABŞ-ın təslim olacağı günlər geridə qaldı. Biz tərəddüd etmədən Rusiyanı cavab verməyə məcbur edəcəyik və xalqımızın həyat maraqlarını müdafiə edəcəyik”, - o deyib. Daha əvvəl Moskva Bayden tərəfindən səsləndirilən bütün ittihamları dəfələrlə təkzib edib.